Umudlu kəndinə gedən yolun yenidən qurulması yekunlaşmaq üzrədir VİDEO/FOTO

13 Mart 2025- 14:20

Azərbaycanın yol infrastrukturunun təkmilləşdirilməsi, ölkənin iqtisadiyyatına və sosial həyatına müsbət təsir göstərir. Yol layihələri əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından önəm daşıyır. Ağdərə rayonu, Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən tikinti işləri artıq yekunlaşmaq üzrədir.

Yolun ümumi uzunluğu 9.4 kilometrdirIV texniki dərəcəyə malikdir. Hərəkət hissəsinin eni 6 metr təşkil edir, yol 2 hərəkət zolağından ibarətdir. Çiyinlərin eni isə hər iki tərəfdən 2 metr olaraq nəzərdə tutulub. Yolun torpaq yatağının genişliyi 10 metrdir, bu da nəqliyyatın rahat hərəkət etməsi üçün geniş zolaq təmin edir.

Layihə çərçivəsində yerinə yetirilən əsas işlərdən biri yolun torpaq yatağının bərpasıdır ki, bunun üçün 158.6 min m³ torpaq işləri aparılıb. Yola 12 sm qalınlığında iki laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. 

Hazırda yol boyu son tamamlanma işləri aparılır. Belə ki, yol boyu 7200 metr uzunluğunda beton küvetlərin tikintisi həyata keçirilir, 1000 p.m. uzunluğunda əyrixətli bruslar, həmçinin müvafiq yol nişanları yol elementləri quraşdırılır. Ardınca yolda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

“İnşaat Norma və Qaydaları”na uyğun şəkildə həyata keçirilən yenidənqurma işləri rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq

YOLUNUZ AÇIQ OLSUN...