Azərbaycan Prezidentinin tapşırıq və Sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun tikintisi davam etdirilir.
Uzunluğu 78 km, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun olaraq inşa olunur.
Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri davam etdirilir.
Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi və qayaların partladılması üsullarından istifadə olunur.
Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi icra olunur. Bu işlərə paralel olaraq, layihə üzrə körpülərin təmiri və lazımi yerlərdə istinad divarının inşası aparılır.
Layihənin icrası “İnşaat Norma və Qaydaları”na uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla yerinə yetirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...