Zığ-Əmircan-Yeni Suraxanı yolunun bir hissəsində tikinti yekunlaşır – VİDEO / FOTO

8 Noyabr 2016- 00:00
11 Zığ-Əmircan-Yeni Suraxanı yolunun bir hissəsində tikinti yekunlaşır – VİDEO / FOTO

           Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi işləri yekunlaşmaq üzrədir.

 

            Sözügedən avtomobil yolunun tikintisi Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq apalır. Burda yolun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir.

 

            Avtomobil yolunun sözügedən 5 km-lik hissəsi uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı.

 

            Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və  optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.

 

            Bundan başqa köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hal-hazırda yola yeni asfalt-beton örtüyünün  son qatının, aşınma layının döşənməsi işləri aparılır. Yaxın günlər ərzində asfaltlanma işləri tam olaraq yekunlaşdırılacaq. Ümumilikdə yolun hərəkət hissəsi, giriş yollar və səkilər də daxil olmaqla 73 min m2 sahənin asfaltlanması nəzərdə tutulub. 

 

            Əlavə edək ki, asfalt-beton örtüyünün aşınma layının tikintisində istifadə olunan bituma xüsusi adgeziya qatqısı əlavə olunub. Sözügedən maddə səth sularının asfalt-beton örtüyə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzun ömürlülüyünü artırır.

 

            Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilərin kənarına 6 min paqon-metr yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün 9 ədəd xüsusi “cib”li avtobus dayanacağı inşa olunub.  “Cib”lərin uzunluğu 20 metr, eni isə 3 metrdir. Səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub.

 

            Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yükskək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

            Qeyd edək ki, Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.