Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub.
Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə inşa olunan bu yollar regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Füzuli rayonunun 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik avtomobil yolunun tikintisi dövlətimizin başçısının 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama uyğun olaraq, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov bildirdi ki, üçüncü və dördüncü texniki dərəcəyə uyğun olaraq layihələndirilən bu avtomobil yolunun birinci hissəsinin uzunluğu 20,5 kilometrdir və Qayıdış-Yeni Yurd arasındakı məsafəni əhatə edir. İkinci hissə Yeni Yurd-Xocavənd arasındakı məsafəni əhatə edir və uzunluğu 2,5 kilometrdir.
Qeyd edildi ki, inşaat işləri zamanı yol boyunca müxtəlif diametrli 21 suötürücü boru tikilib. Yuxarı Mil kanalı üzərində uzunluğu 18 metr, eni 12 metr olan qəzalı vəziyyətdəki körpü əsaslı təmir edilib. Yol boyunca 144 müxtəlif yol nişanı və 38 göstərici lövhə quraşdırılıb.
Bu yolun tikilməsi nəticəsində yük və sərnişin daşınması xeyli yaxşılaşacaq.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.