Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq mərkəzdən Zığ istiqamətinə doğru prospektin sözügedən kəsişməsi 30.03.2016-cı il tarixindən bağlanaraq hərəkət alternativ yollara istiqamətləndirilmişdi.
Piyada keçidində işlər yekunlaşdığından (yalnız daxildə üzləmə işləri qalıb) bu gündən etibarən Nobel prospektində qazılmış sahə bərpa olunub və yeni asfalt-beton örtüyü döşənib. Bu üzdən sözügedən ərazidə hərəkət əvvəlki istiqamətdə bərpa olunub.
Qeyd edək ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 m uzunluğunda qalereyanın tikintisi yekunlaşıb. Hal-hazırda qalereyanın mərmər-qranitlə üzlənməsi işləri davam etdirilir. Bundan başqa 8 ədəd çöl şəraitində quraşdırılan eskalatorların yaxın müddət ərzində keçidin giriş hissələrində quraşdırılması da nəzərdə tutulub.