Avtonəqliyyat vasitələrinin və piyadaların rahat gediş-gəlişini təmin etmək istiqamətində prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər davam etdirilir.
Bu çərçivədə uzun müddətdir ki təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan Xətai rayonu Cavanşir küçəsində təmir işləri aparılıb. Sözügedən küçənin uzunluğu 1300 metr, ortalama eni isə 12.5 metrdir.
Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, zəruri olan yerlərdə yol əsasında kipləşdirmə işləri aparılıb. Küçə boyu 2500 paqon-metr köhnə səki daşı yenilənib, yeni piyada səkilərinin tikintisi, mövcudlarının isə bərpa edilməsi istiqamətində addımlar atılıb. Bundan başqa yeraltı kommunikasiya xətlərinin yenilənməsi və təmiri də həyata keçirilib.
Daha sonra küçəyə, həmçinin yeni qurulmuş və bərpa olunmuş piyada səkilərinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə 18 min m2 sahə asfaltlanıb.
Təmir işləri zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yol nişanları quraşdırılaraq, yolun xətlənməsi işləri görülüb.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılaraq, vaxtında yekunlaşdırılıb.