Goranboy rayonunda baş vermiş qəza zamanı yol təsərrüfatına ciddi ziyan dəyib - FOTO

29 Noyabr 2016- 00:00
11 Goranboy rayonunda baş vermiş qəza zamanı yol təsərrüfatına ciddi ziyan dəyib - FOTO

          Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 322-ci km-də, magistralın Goranboy rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.

 

          Belə ki, Şəmkir rayon sakini, 1975-ci il təvəllüdlü Eldar Qasımov 99 HK 563 dövlət qeydiyyat nömrəli “DAF” markalı yəhərli dartıcılı yük maşını ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib və yük maşını yol ayrıcında olan əyrixətli dəmir tirlərə çırpılaraq aşıb.

 

          Xoşbəxtlikdən hadisə xəsarətsiz ötüşsə də, yol ayrıcında olan 240 paqon-metr uzunluğunda dəmir tirlər sıradan çıxıb. Bundan başqa yük maşınında olan 28 ton mazutun xoşbəxtlikdən cüzi bir hissəsi yola dağılıb. Yolun hərəkət hissəsinin asfalt-beton örtüyünün aşınmasının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülüb və dağılmış mazut yoldan təmizlənib.

 

          Hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, qəza zamanı yol təsərrüfatına təqribən 20 min manatdan artıq ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

 

          Qeyd edək ki, qəzaya yük maşınının sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu ehtimal edilir.