Saleh Məmmədov Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib - FOTO

1 Dekabr 2016- 00:00
11 Saleh Məmmədov Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib - FOTO

          Dekabrın 1-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının (AHF) fəaliyyəti ilə bağlı konfrans keçirilib.

 

           Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

 

          Azərbaycan idmanının inkişafından danışan Çingiz Hüseynzadə bildirib ki, sovet dövründə idmanın həndbol növü üzrə böyük uğurlar əldə olunub. Lakin hazırda həndbol bir qədər diqqətdən kənarda qalıb. Buna görə MOK rəhbərliyi, Gənclər və İdman Nazirliyi federasiya rəhbərliyində dəyişiklik edilməsinə qərar verib. Ç.Hüseynzadə AHF-nin prezidenti vəzifəsinə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun namizədliyinin irəli sürüldüyünü bildirib.

 

          Saleh Məmmədov gənc yaşından idmana böyük həvəs göstərdiyini diqqətə çatdıraraq deyib: “Azəryol” voleybol klubunun rəhbəri olduğum illərdə komandanın uğuru üçün səylə çalışmışam. Sovet dövründə birinci dərəcəli futbolçu olmuşam. Əsas məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır. Mənə göstərdiyi etimada görə MOK-un prezidenti, dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edirəm”.

 

          Nazir Azad Rəhimov 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idmanın daha sürətlə inkişaf etdiyini vurğulayaraq deyib: “Mən həndbol üzrə milli komandanın üzvü olmuşam. O dövrdə idmanın bu növünə maraq olduqca böyük idi. Cənab Prezidentin dəstəyi və idman qurğularımızın yüksək səviyyədə olması bizə əsas verir ki, həndbolu inkişaf etdirək. Təkcə bir komanda ilə həndbolu inkişaf etdirmək olmaz. Buna görə ölkə çempionatı keçirilməli və məşqçilər təlimlərə göndərilməlidir”.

 

          Sonra AHF-nin prezidenti vəzifəsinə səsvermə keçirilib. Saleh Məmmədov səsvermə nəticəsində Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.