Pirallahı adasını sahillə birləşdirən yeni körpü hərəkət üçün açılıb - VİDEO / FOTO

6 Dekabr 2016- 00:00
11 Pirallahı adasını sahillə birləşdirən yeni körpü hərəkət üçün açılıb - VİDEO / FOTO

          Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsü sürücülərin ixtiyarına verilib.

 

          Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü isə 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir (42x4 + 86 + 42x4 = 422 m).

 

          Körpünün tikintisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq aparılıb.

 

          Körpünün alt hissəsindən gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissənin açılması da yekunlaşmaq üzrədir. Bunun üçün körpünün alt hissəsinin və mövcud yolun qazılması işləri aparılır.  

       

          Hazırda Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidənqurulması işlərinə də start verilib. 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq.

 

          Qeyd edək ki, “Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması” layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb. Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllğa riayət olunmaqla mərhələli şəkildə aparılıb.