Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yol inşa edilir.
4 hərəkət zolaqlı olacaq yolun uzunluğu 260 metrdir. 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edəcək. Hər iki tərəfdə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə piyada səkiləri də inşa olunur. Piyada səkilərinin eni 2-3 metr arası dəyişir. Sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 10 ədəd işıq dirəyi quraşdırılacaq.
Hazırda ərazidə yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılır bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa olunur. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışıından ibarət yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub. Yol ayrıcına və səkilərin kənarlarına 1 min paqon-metr səki daşı düzüləcək.
Tikinti işləri bitdikdən sonra yeni küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.