2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib - VİDEO / FOTO

26 Yanvar 2017- 00:00
11 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib - VİDEO / FOTO

         “AzəravtoyolASC-də 2016-ci ilin yekunlarına və 2017-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

 

         İclas iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

         Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov açıb.

 

         Cəmiyyətin sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.

 

          Bu istiqamətdə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncamlar və təsdiq olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı”“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları çərçivəsində cəmiyyət tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir.

 

            Qeyd olunub ki, 2016-ci il ərzində 880 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub, həmçinin 14 ədəd yeni avtomobil körpüsü tikilib, 8 ədədi isə  təmir edilib. Bundan başqa ötən il ərzində Bakı şəhəri Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib.

 

          Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan və yol infrastrukturunun yenilənməsinə hesablanmış 48 sərəncamın icrası olaraq ümumi uzunluğu 515 km təşkil edən 21 kəndlərarası 7 qəsəbələrarası avtomobil yollarının tikintisi, qəzalı vəziyyətə düşən 1 körpünün bərpası işləri başa çatdırılıb. Sözügedən avtomobil yollarının tikintiasi ilə 173 yaşayış məntəqəsinin təqribən 1 milyon 230 min əhalinin rahat və təhlükəsiz hərəkəti təmin olunub. Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının turizmin inkişafına gətirib çıxarır.

 

            2016-cı il ərzində Prezident İlham Əliyev 21 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, öz dəyərli tövsiyyə və tapşırıqlarını verib.               

            Bu dövr ərzində ümumilikdə 1 milyon 21,8 min ton asfalt-beton istehsal edilib, 56,2 min ton bitum və 4,5 min ton mazut istifadə edilib.

 

          “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq  kənd və qəsəbələrarası avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən 2017-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını qeyd edib.