Daha bir küçənin təmirinə başlanıldı
7 Oktyabr 2015- 00:00
Prezident İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə “Azəryolservis” ASC tərəfindən daha bir küçədə təmir-tikinti işlərinə start verilib. Söhbət uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Nizami rayonu Mikayıl Əliyev küçəsindən gedir.
Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsi Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşir. Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Burda təmir işləri kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Kompleks halında aparılan təmir-tikinti işləri gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.
Hazırda Mikayıl Əliyev küçəsində yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Bunun üçün köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Ümumilikdə küçənin 36500 kvadrat metr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Buna paralel olaraq köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi, zəruri olan yerlərə səki daşlarının düzülməsi prosesi də həyata keçirilir. Küçə boyu 1700 paqon metr yeni səki daşının düzülməsi planlaşdırılır.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səki salınacaq, yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalızasiya sistemi yaradılacaq, yeni yağış barmaqlıqlar qoyulacaq.
Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri tərtib olunmuş qrafikə əsasən şəxsən “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığı görə, “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.