Xüsusi hərəkət zolaqlarının çəkilişi aparılır

21 Oktyabr 2015- 00:00
11 Xüsusi hərəkət zolaqlarının çəkilişi aparılır

             Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən, “Azəryolservis” ASC tərəfindən xüsusi hərəkət zolaqlarının çəkilişi işlərinə başlanılıb. Xüsusi hərəkət zolaqları Bakı şəhərində müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub.

             “Azəryolservis” ASC tərəfindən xüsusi hərəkət zolaqlarının çəkilişi Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış şəkildə aparılır.

             Xüsusi hərəkət zolaqlarının yolun hərəkət hissəsi 3 və daha çox zolaqlardan ibarət olan yollarda olması nəzərdə tutulub. Bunun üçün ilkin olaraq 6 avtomobil yolu seçilib. Bu Bibiheybət yolu, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələridir. Hələlik sınaq məqsədi ilə adı çəkilən yollardan 4-də işlər həyata keçirilır. Bu istiqamətdə atılan addımlar özünü doğrultsa işlərin digər bu kimi küçə və prospektlərdə də aparılması planlaşdırılır.

             Sınaq məqsədi ilə xüsusi zolaqların çəkilişi Bibiheybət məscidindən Bakı Su İdman Sarayına qədər olan yolda, həmçinin Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Azadlıq prospektinin kəsişməsinədək olan hissəsində yekunlaşıb. Daha sonra Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Bakıxanov küçələrinin kəsişmələri arasında olan hissəsində və Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə, daha dəqiqi Xocalı prospekti ilə kəsişmədən Babək prospekti ilə kəsişməyədək və Baş Polis İdarəsinin binasının önündən Mehdi Mehdizadə küçəsi ilə kəsişməyədək olan hissələrdə xüsusi hərəkət zolaqlarının çəkilişi həyata keçiriləcək.

             Qeyd edək ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən  “Azəryolservis” ASC və digər aidiyyatı qurumlar tərəfindən ümumilikdə 40-a yaxın küçə və prospektlərdə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi ilə bağlı təkliflər hazırlanaraq, komissiyaya təqdim olunmuşdu.

 

XƏBƏRƏ AİD FOTOLAR

XƏBƏRƏ AİD VİDEO