Saatlıda daha bir avtomobil yolunun yenidən qurulmasına başlanılıb – VİDEOREPORTAJ / FOTO

12 Aprel 2017- 00:00
11 Saatlıda daha bir avtomobil yolunun yenidən qurulmasına başlanılıb – VİDEOREPORTAJ / FOTO

 

          “Azəravtoyol” ASC texnoloji ardıcıllığa riayət etməklə, tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun yenidən qurulması işlərinə start verib.

 

          Yolun yenidən qurulması Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılır.

 

          Hazırda sözügedən avtomobil yolunda yol yatağının tikintisi işləri aparılır.

 

          Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl  və  optimal qırmadaş qarışığından aparılır.

 

          Yenidən qurulan yol əvvəllər torpaq və çınqıl örtüklü olub. Məhz bu səbəbdən istər vətəndaşların, istərsə də avtonəqliyyat vasitələrinin gediş-gəlişində əsasən payız-qış mövsümündə bir sıra çətinliklər yaranırdı.  Ancaq yolun yenidən qurulması ilə bu problemlər geridə qalacaq.

 

          Uzunluğu 14 km, eni isə 10 metr olan yol 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. Layihə çərçivəsində 2 hərəkət zolaqlı yolun çiyinlərinin eni 2 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Yolun 85 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

 

          Asfaltlanma işləri bitdikdən sonra zəruri olan yerlərdə  yol nişanları və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Eyni zamanda zəruri olan yerlərdə suların ötürülməsi üçün 31 ədəd müxtəlif diametrli suötürücü boruların da quraşdırılması işləri görüləcək.

 

          Qeyd edək ki, 6 yaşayış məntəqəsinin sakinlərinin gediş - gəlişini xeyli rahatlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət etmələrinə imkan yaradacaq Saatlı- Musalı Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələrindən biridir. Yolun yenidən qurulması ilə sözügedən ərazidə yük və sərnişin daşıması xeyli asanlaşacaq.