İntensiv yağan yağışlar nəticəsində sürüşmə baş vermiş Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrlik hissəsi əsaslı şəkildə bərpa olunaraq sürücülərin istifadəsinə verilib.
Aparılmış bərpa işləri çərçivəsində uzunluğu 52 metr, eni isə 10 metr olan yolun 0.8-1 metr dərinliyinə qədər çökmüş hissəyə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Kipləşdimə işlərindən sonra yola 2 qat olmaqla (7+5 sm) yeni asfalt-beton örtüyü döşənib. Ümümilikdə sözügedən hissənin 1750 m2 sahəsi asfaltlanıb.
Bərpa işləri çərçivəsində zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.
Bununla da Masallı-Yardımlı yolunun qeyd olunan hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunub.
Xatırladaq ki, Masallı-Yardımlı avtomobil yolunun 17-ci km-də sürüşmə hadisəsi 2015-ci ilin sonlarında baş verib. Həmin vaxt sürüşən yola paralel olaraq 400 metr uzunluğunda alternativ yol salınmışdı.