“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhvələri” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları öncə cəmiyyətin inzibati binasında Ümummilli liderin büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini yad ediblər.
Daha sonra tədbir cəmiyyətin akt zalında ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirilib.
Açılış nitqi ilə çıxış edən “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhvələr, həyata keçirdiyi irimiqyaslı layihələrdən söz açıb:
“Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Bu gün həmin islahatların nəticəsidir ki, ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər olub. Yol infrastrukturuna dair yüksək əhəmiyyət daşıyan layihələr həyata keçirilib, yeni yollar, körpülər salınıb. Bir sözlə Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib”.
Bununla yanaşı S. Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasətin dayanmasından geniş söhbət açaraq çıxışını yekunlaşdırıb.