Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının verdiyi tövsiyyə və tapşırıqlara əsasən Qazax rayonu Çaylı-Təzəkənd avtomobil yolu da əsaslı şəkildə təmir olunur.
IV texniki dərəcəyə uyğun bərpa olunan və uzunluğu 6 km olan yolun torpaq yatağının eni 10 m, hərəkət hissəsinin eni isə 6 m təşkil edir. Çiyinlərin eni müvafiq olaraq 2 m-dir.
Təmir - tikinti işləri çərçivəsində yol boyu torpaq işləri görülüb, yeni yol yatağı inşa edilib və 1 qat olmaqla asfaltlanma işləri aparılıb. Ümumilikdə isə yolun 36 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Əsaslı təmir işləri tam yekunlaşdıqdan sonra zəruri olan yerlərə 50 ədəd yol nişanı və 17 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 18 min metr xətlənmə işləri aparılacaq.
Qeyd edək ki, avtomobil yolunun təmiri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.