"Azəravtoyol" ASC-nin tabeliyindəki Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin kollektivləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması tədbirləri davam etdirilir.
Bu çərçivədə 2017-ci ilin I rübündə magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarına 94600 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsininin, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan və Biləsuvar rayonları ərazisindən keçən hissəsinin mühafizə zolaqlarında ümumilikdə 42000 ədəd eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib.
1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC tərəfindən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi avtomobil yolunun 35-40-cı km-nin mühafizə zolağında 14567 ədəd, 7 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC tərəfindən R-8 Muğanlı-İsmayıllı yolunun kənarında isə 40 min ədəd müxtəlif növ ağac tingləri əkilib.
Cari ildə Bakı Dairəvi avtomobil yolunda 3 min ədəd, Zığ dairəsi – Hava Limanı avtomobil yolunda 8 min ədəd ağac və kol bitkisi, 2 min ədəd gül kolu əkilib. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.
Xatırladaq ki, "Azəravtoyol" ASC-nin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral avtomobil yolunun, 1824 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 952 862 ədəd çoxillik ağac mövcuddur.