Estoniyalı yol mühəndisləri ilə görüş keçirilib

27 May 2017- 00:00
11 Estoniyalı yol mühəndisləri ilə görüş keçirilib

          “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinın sədri Saleh Məmmədov Estoniyanın Yol Agentliyininin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş keçirib.

 

           Görüşdə Azərbaycanla Estoniya arasında avtomobil yolları sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

 

          “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov rəhbəri olduğu cəmiyyətin fəaliyyəti, ölkəmizin avtomobil yolları şəbəkəsi, icra olunan yol infrastrukturu layihələri və gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə qonaqlara ətraflı məlumat verib.

 

          Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ölkəmizin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır. İran sərhədinə qədər inşa olunan avtomobil yolunun da iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

 

          Estoniyalı qonaqlar da öz növbəsində ölkələrinin yol şəbəkəsi, həyata keçirilən yol infrastrukturu layihələri barədə məlumat veriblər.

 

          Görüşdə Azərbaycan və Estoniya dövlət başçılarının siyasi iradəsinin, keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyi, əlaqələrimizin müxtəlif sahələrdə uğurla davam etdiyi və gələcəkdə avtomobil yolları sahəsində də əməkdaşlığın  zəruri olduğu vurğulanıb.

 

          Qeyd edək ki, Estoniyanın Yol Agentliyinin əməkdaşları üçün AzəravtoyolASC tərəfindən təşkil edilən 3 günlük infotur başa çatıb. İnfotur çərçivəsində qonaqlar Azərbaycanın müasir yol infrastrukturu ilə tanış olublar, yolların yenidən qurulması layihələri çərçivəsində aparılan işlərlə yerində tanış olub, mühəndislərlə görüşüblər.