Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2014-cü il tarixli Sərəncamına əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən tikintisinə başlanılan Samux rayonunun Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun yenidənqurması yekunlaşdırılıb.
Ümumi uzunluğu 36 km olan yolun yalnız 12 km-i yerli icra hakimiyyəti tərəfindən tikilib. Yolun qalan 24 km- lik hissəsində tikinti işlərini “Azəravtoyol” ASC aparıb.
Layihə çərçivəsində sözü gedən yolun eni 4 metrdən 6- metrə qədər genişləndirilib. Hər iki istiqamətdə 2 metr enində çiyinlər də daxil olmaqla 10 metr enində yeni yol yatağı salınıb.
Tikinti işləri zamanı iki hərəkət zolaqlı olan yola ümumilikdə 2 qat olmaqla 10 sm qalınlığnda 147 min m 2 asfalt döşənib.
Tikintinin aparıldığı ərazilərdə yolun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş köhnə su boruları bərpa edilib, buna paralel olaraq yeni su boruları qurulub, su keçidləri inşa edilib.Bundan başqa aparılan işlər çərçivəsində Gəncə çayı üzərində uzunluğu 63 m, eni isə 9 m olan 2 aşrımlı metal konsturiksiyalı körpü də inşa edilib.
Görülən işlərə uyğun olaraq 8 ədəd avtobus dayanacağı, zəruri olan yerlərdə isə 95 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, 73.5 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəklişi işləri aparılıb.
Qeyd edək ki, dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri sırasında yer alan Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə 10 yaşayış məntəqəsində yaşayan 23 min nəfər əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, insanların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və rahat şəkildə bazarlara daşınmasına şərait yaradılmış olacaq.