Ümumi məlumat

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

 
Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində sistemli və məqsədyönlü fəaliyyət həyata keçirilir. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə yerli və xarici investisiyalar üçün əlverişli şərait yaradılmış, iqtisadiyyatın strukturu təkmilləşdirilmiş, investisiya qoyuluşları və irimiqyaslı infrastruktur layihələri reallaşdırılmışdır.
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermişdir. Son illərdə ölkədə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilmişdir.
Görülmüş tədbirlər nəticəsində ölkədə yol infrastrukturu daha da yaxşılaşdırılmış və beynəlxalq standartlara uyğunlaşdırılmış, yol qovşaqları, körpülər tikilib təmir edilmiş və digər modernləşdirmə işləri aparılmışdır.
Qeyd olunan işlərin həyata keçirilməsi avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarətin təmin edilməsi ilə bağlı dövlət siyasətinin və tənzimləməsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində islahatların davam etdirilməsini zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin avtomobil yolları sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, həyata keçirilən işlərin səmərəliliyini artırmaq və sistemliliyini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsini, istismarını, bərpasını, təmirini, yenidən qurulmasını və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, o cümlədən yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirən publik hüquqi şəxsdir;
2.2. Agentliyin fəaliyyətinə cari rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır;
2.3. Agentliyin İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. Agentliyin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə fondunun miqdarının müəyyənləşdirilməsi;
3.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
3.1.3. Agentliyin yenidən təşkil və ləğv edilməsi;
3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3.2.1. illik maliyyə hesabatlarının təsdiq edilməsi;
3.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
3.2.3. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
3.3. Agentliyə:
3.3.1. işçilərin say həddinin və əməkhaqlarının müəyyənləşdirilməsi;
3.3.2. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Agentlik publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2017-ci il

№ 1638


 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etsin;
3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Agentlik:
4.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
4.2. dövlət qeydiyyatına alındığı gündən etibarən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
4.3. işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində təsdiq etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 19 dekabr 2017-ci il

№1748
 

 

S.Ə.Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2017-ci il

№ 3528.