Sabunçuda son 3 ayda uzunluğu 20 km olan küçə və yol təmir edildi

24 апреля 2020- 10:22
11 Sabunçuda son 3 ayda uzunluğu 20 km olan küçə və yol təmir edildi

Rayon üzrə bu il daha 28 km yolun təmiri nəzərdə tutulur

 

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması üçün Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilib.

 

Qeyd edək ki, imzalanan sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılmışdır.

 

Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 20 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 110 min kv.m-dən çoxdur.

 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

 

Bu Pirşağı qəsəbəsi üzrə A.Ağazadə və Ə.Məlikov küçələri, Bağlar massivi, Maştağa qəsəbəsi üzrə S.Vurğun küçəsi, Zabrat qəsəbəsi üzrə R.Axundov və Qazıməmməd küçələri, Ramana qəsəbəsi üzrə İslam Rəhmanov, Mirəsədulla Qafarov, Cəfər Cabbarlı, Hüseyn Cavid və Xanlar küçələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülüb.

 

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yeni yol əsası inşa edilib. Daha sonra yollara yeni asfalt-beton örtüyü döşənib.

 

Təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.

 

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılıb. Növbəti mərhələdə 2020-ci ilin investisiya proqramına uyğun olaraq Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan daha 28 km uzunluğa malik 21 küçədə təmir işlərinin aparılması nəzərdu tutulur. Yaxın müddət ərzində bu istiqamətdə təmir işlərinin başlanılması planlaşdırılır.

 

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Balaxanı qəsəbəsində ümumi uzunluğu 5.5 km olan Şəfqət, M.Ə.Sabir, Gülüstan, Cahangir Cahangirov, Pir Məmməd, Müsəvi, Sarabski, Səfəvilər və Dirçəliş küçələrində, Zabrat qəsəbəsində ümumi uzunluğu 4 km olan Neftçilər, Mirzəağa Əliyev, Bəxtiyar Vahabzadə, Nəcəfbəy Vəzirov, Hüseyn Cavid, Zivər bəy Əhmədbəyov küçələrində, həmçinin Nardaran qaəsəbəsi üzrə ümumi uzunluğu 18.5 km olan Abşeron, Mübariz İbrahimov, Şeyx Əli Tuti, Asəf Zeynallı, M.F.Axundov və Səfxani küçələrində yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

 

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.